Azərbaycan Demokratik Respublikası



1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki,Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur.


ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir.

Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir.


1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar.


Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi haqqmda ilk dəfə Istiqlal bəyannaməsində bəhs edilmişdi. Həmin sənəddə göstərilirdi ki, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir, Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşdı. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında müzakirə edildi. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edildi və onun paytaxtı kimi tanındı. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəceyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni-yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər. Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını - Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvələri alman hərbi dəstələri ilə birləşərək, 1918-ci il iyunun əvvəllərində Borçalıya daxil oldular. Ayın 14-də Azərbaycanm Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü-alman hərbi qüvvələrinin yeridirilməsine qarşı nota verdi, sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etdi. Gürcüstan hökuməti buna razılıq vermədi. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başladı. Buna görə də həmin problemin beynəlxalq Istanbul konfransında müzakirə edilməsi qərara alındı. 1918-ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə-'Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdu. Həmin sənədə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə edirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habele Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmadı. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşdılar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla apardıqlan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azerbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün, nəhayət, 1919-cu il aprelin 25-də Tiflisdə konfrans çağırıldı. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırdı. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan - təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km).Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin Aprel işğalı (1920) və Azerbay¬can Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.




1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur..

 
 
Tarixdən elelktron sual-cavab
Rəqəmlərin Roma rəqəmlərinə
çevrilməsi
 
Rəqəmi daxil et:
Roma reqemi :
Faydali linkler
 
Erməni terror təşkilatları

Azerbaycan Xalq Cumhurriyeti

Tarix portali

Tqdk

Milli təhsil portali

Təhsil nazirliyi

Elektron tehsil müsabiqəsi

Tarix portali
Elektron tarix testləri
 
 
Bugün 7 ziyaretçi (9 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol