Qarabağ

Tarixi

Qarabağda Qomeş dağı

Qarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın ən qədim torpaqlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid yerlər aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıxantrop adlı primitiv Azıx adamının çənə sümüyü tapılmışdır. Çox guman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Qafqaz Albaniyası dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində əhəmiyyətli dəyişikliklər baş verdi.

Pənahəli xan

,Ərəb işğalının nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra Eçmiədzinin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katalikosunun ləğvi barədə qərarı Qarabağ yüksəkliklərinin Alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi ərəblərin işğalından sonra Azərbaycanda biri birini əvəz etmiş müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan Səfəvilər Dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər Dövlətinin mövcudluğuna son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli Bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Rusiya silahlı qüvvələrinin komandiri P.D.Sisianov ilə Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi Qarabağın, onun dağlıq bölgəsi də daxil olmaqla, tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra bu torpaqlarda mövqeyini möhkəmləndirmək məqsədi ilə çarizm erməniləşdirmə siyasətini tətbiq etməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İran və Türkiyədən köçürülmüş ermənilər Qarabağ da daxil olmaqla Şimali Azərbaycanda məskunlaşdırıldılar. 1918-ci il mayın 28-də, təxminən 100 illik Rusiya müstəmləkəsindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Eyni zamanda, yeni yaranmış Ermənistan (Ararat) respublikası da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Qarabağı ələ keçirmək məqsədi ilə bu dövrdə ermənilər əvvəllər də həyata keçirdikləri soyqırım aktlarını törətməyə davam etdilər. Vəziyyətlə əlaqədar olaraq, 1919-cu ilin yanvarında Azərbaycan hökuməti Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Baş Qarabağ Əyalətini yaratdı. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet dövlətinin bərqərar olmasından bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibində olmuş Azərbaycan torpaqları özlərinin ənənəvi tarixi və geocoğrafi bütövlüyünü itirdi. Sovetləşdirildikdən sonra Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə məcbur edildi. Beləliklə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölündü. Bütün bu tarixi ədalətsizliklərə baxmayaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi, sosial, iqtisadi və mədəni inkişafını təmin etmək üçün Azərbaycan bu bölgədə kompleks islahatlar həyata keçirdi. Amma yenə də erməni separatçıları öz mənfur siyasətlərini həyata keçirməyə və bununla da Azərbaycana ciddi ziyan vurmağa davam etdilər.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.SSRİ-nin süqutu ərəfəsində onlar öz fəaliyyətini sürətləndirdilər. Azərbaycana qarşı təcavüzkar müharibə başlandı.

Sərhədləri və ərazisi

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin - Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır"

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın - Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.

Soyqırım siyasətinin tarixi mərhələləri

I mərhələ: XVIII-XIX əsrlər

İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Hə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar. Soyqırım xronikası I mərhələ: 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Osmanlı Türkiyəsi ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. Butün bunlara baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub. XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. "Qnçaq" (1887, Cenevrə, "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı yaradılır.

II mərhələ: 1905-1907-ci illər

Qarabağda Kiçik Kirs dağı

Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər. 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" və s. kitablarda öz əksini tapıb. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanıb. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

III mərhələ: 1918-1920-ci illər

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məsçidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür. Kütləvi qırğınlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər. Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndində aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş. Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər.

IV mərhələ: 1948-1953 – cü illər

Qarabağ ərazisində Kirs dağı

Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. 1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə bu cəhdlər öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı. Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür. 1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olunur. Ümumiyyətlə 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz təsirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşır... Hətta belə şəraitdə "məngənə"də sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir. Bax, bu da pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi... Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmmillətlərinin köçürülməsində maraqlı olmayıblar. 1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990). Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi. 1953-cü ildə Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskriminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır - azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" verilir. Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil bölmələrinin ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.

V mərhələ: 1988-ci ildə başlayır

1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalılı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başları kəsilmiş, gözləri çıxarılmışdır. Hazırda xocalılar respublikamızın 50-dən artıq rayonunda məskunlaşıblar. Xocalıda törədilən soyqırım əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmışdı. Belə ki, hələ 1992-ci il fevralın 16-da Xankəndində məlum 366-cı rus alayının nəzdində "gizli erməni cəbhəsi" deyilən bir "rota" yaradılmışdı. Bunun da özəyini ayrı-ayrı ölkələrdən erməni icmalarını təmsil edən silahlı erməni quldur birləşmələri təşkil edirdi. Xocalıda hücumda iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün "Məxfi arayışında" erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatları izləyib, fakt və sənədlərdə olub keçənlərin şərhini verərək etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi". Xocalıda doğrudan da o gecə yalnız ölülər qaldı. Və o qanlı fevral gecəsi Xocalı adlı bir şəhər yer üzündən silindi. Soyqırımın balaca şəhidləri və şahidləri Xocalı faciəsi millətin qan yaddaşına yazılan və əbədiyyətə qədər silinməyən kədər, möhürdür. 1992-ci ilin 26 fevral gecəsi erməni cəlladlarının əlləri ilə qətlinə fərman verilənlərin 160-dan çoxu qadın və azyaşlı uşaq idi. Qocaya, qadına, qarıya-qıza aman verməyən vəhşilər gözlərini qırpmadan əlinə keçənləri amansızcasına məhv etmişdilər. Həmin anaların və uşaqların fəryadını Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev "Mən müharibəni məhv edəcəyəm" kitabçasında ürək ağrısı ilə şərh etmişdir. Kitabçadakı yazıları həyəcansız oxumaq olmur. Xocalı faciəsinin canlı şahidləri olan uşaqların və anaların yandırılmış gündəliklərindən qısa qeydlərlə oxucularımızı tanış edirik:

Yavər Əliyev, 7 yaş. "Bizim evin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə endik. Bir müddət sonra isə meşəyə tərəf qaçmağa başladıq. Ermənilər bizi gördülər. Fin evlərinin yaxınlığında atəş altına düşdük. Hər kəs yerə yatdı. Erməni silahlıları bizi ayağa durmağı və sıraya düzülməyi əmr etdilər. Sonra uşaqları bir tərəfə, yaralı adamları isə başqa tərəfə apardılar. Bizi Xankəndinə apardılar və orada Əhməd dayının əvvəl əllərini, sonra da başını kəsdilər. Kəsilmiş başı isə top kimi oynatmağa başladılar. Xanım xalanı və 2 uşaq anası Natəvanı da güllələdilər". Orucova Xədicə, 8 yaş. "Bizi güclü səs-küy yuxudan oyatdı. Yataqdan qalxdım və gördüm ki, qonşunun evi yanır. Mən, atam, anam, qardaşım və bacılarım dərəyə doğru qaçdıq. Xalam Sevil, 2 uşağı ilə birlikdə, habelə qonşumuz bizimlə idi. Əmim Şaiq dedi ki, meşəyə qaçmalıyıq. Əvvəl atam və anam mənimlə bir yerdə idilər. Kiçik bacım Xəyalə anamın qucağında, digər bacım isə atamın qucağında idi. Naxçıvanik kəndi yaxınlığında ermənilər bizi gördülər. Atam güllə ilə vuruldu. Sonra Sevil xalaya atəş açdılar. Mənə güllə dəyəndə anam da qan içində idi və biz qaça bilmirdik. Anamı meşədə itirdik... Daha heç nə xatırlamıram. Sonra hiss etdim ki, kimsə məni aparır. Amma kim? Görmədim". Yaş yarımlıq Abdullayeva Xəyalənin anası danışır: "O gün mən atamın evində idim. Atışma başlayanda hamı yatırdı. Mən ətrafda hər şeyin yandığını gördüm. Hamı qaçırdı. Biz də qaçdıq. Atam, anam, nənəm, bacılarım, iki qızım və qardaşım oğlu ilə birlikdə. Biz iki gün meşədə gizləndik. Üçüncü gün bizi mühasirəyə aldılar. Nənəm Göyçəyin ürəyi partladı. Atam pencəyini çıxarıb onun üzünü örtdü. Biz qaçmağa başladıq. Dağın ətəyinə çatanda mənim 17 yaşlı bacım Lətafət Abdullayeva artıq qaça bilmədiyini deyib, yerə oturdu. Atam onu qucağına aldı və yerə oturdu. Bacım ölmüşdü. Atam onun üzünü köynəyi ilə örtdü. Biz qaçmağa davam elədik. Birdən atam dayanıb "Allah, uşaqlara yazığın gəlsin?"-deyib yerə yıxıldı. Onu da vurdular. Biz onun üstünü örtməyə heç nə tapmadıq. Üç bacı -Təzəgül, Xədicə və mən iki qızımla və qardaşım oğlu ilə yolumuza davam elədik. Bizə yenə də atəş açdılar və Vüsaləyə güllə dəydi. Ermənilər bizi əsir alıb, sırğa və üzüklərimizi aldılar. Əvvəl Pirçamala, sonra isə Xankəndinə apardılar. Orada çoxlu qız var idi. Saqqallılar və əsgərlər onlara dəhşətli əzab verirdilər. Sonra bizi Əsgərana apardılar. Vüsalənin ayaqları yara, qan içində idi. Tez-tez huşunu itirirdi"... Xumar Səlimova 17 yaş: "1992-ci ilin 25 fevralında Xocalı şəhəri güclü atəşə tutuldu. Qardaşlarım dedi ki, şəhərə ermənilər giriblər, qaçmaq lazımdır. Biz qaçan zaman yanımızda partlayan mərmi qardaşımın arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Qonşularımızı da yarğanın içində gördüm. Mərmi və güllələrdən xilas olmaq üçün bir xəndəyə uzandıq. Səhər açılanda ermənilər bizi xəndəkdən çıxartdı. Quliyev Talehi güllə ilə ağzından vurdular, sonra da arvadının gözü qarşısında onun başını əzməyə başladılar. Arvadı Rəhilə Quliyeva qışqıranda onu da öldürdülər. Bir yaşlı Samir anasının cəsədi üstündə iməkləyib qışqırırdı. Bir erməni tüfəngin qundağı ilə uşağın başından vurdu. Zərbə çox güclü idi. Məni də döyə-döyə harasa aparırdılar. Biz yerdəki meyitlərin üzəri ilə irəliləyirdik. Yaxınlıqda kimsə atəş açdı. Güllə əlimə dəydi. Məni aparan erməni atəş açılan tərəfə qaçdı. Mən isə ölülərin arasına süründüm. Elə uzandım ki, guya ölüyəm. Qaranlıq düşəndə mən meşə istiqamətində süründüm. Sonra bir az…daha bir az... Azərbaycanca danışıqlar eşidəndə "Ana!" deyə qışqırdım. Sonra heç nə xatırlamıram.” Üç uşaq anası Ağayarova Sədaqət Hüseyn qızı bircə saatda uşaqsız qaldı. "Biz beş gün meşədə gecələdik. Uşaqlarımın ikisinə güllə dəydi və aldıqları yaralardan öldülər. Roman isə soyuqdan dondu". Uşaqların adları: Ağayarov Nəbi 10 yaş, Ağayarova Sevinc 7 yaş, Ağayarov Roman 6 yaş". Quliyev Elsevər, 11 yaş. 25 fevral 1992-ci ildə Xocalı faciəsində güllə yarasından öldü". Abdullayeva Vüsalə, 4 yaş. Aldığı güllə yarasından ayağı kəsildi... Ermənilərin separatçılığı, Azərbaycana ərazi iddiaları hələ də bitməyib. Erməni şovinizmi öz ambisiyalarını sivilzasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Nə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır. Siyasi-hüquqi qiymətləndirmə Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər tərəfindən məhv edilməsi məsələsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Nazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə'ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı. Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir.(Bax: Əlavə 1) 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

 
 
Tarixdən elelktron sual-cavab
Rəqəmlərin Roma rəqəmlərinə
çevrilməsi
 
Rəqəmi daxil et:
Roma reqemi :
Faydali linkler
 
Erməni terror təşkilatları

Azerbaycan Xalq Cumhurriyeti

Tarix portali

Tqdk

Milli təhsil portali

Təhsil nazirliyi

Elektron tehsil müsabiqəsi

Tarix portali
Elektron tarix testləri
 
 
Bugün 9 ziyaretçi (14 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol