Səfəvilər dövləti

Səfəvilər dövləti (ing. Safavid Empire) — 1501-ci ildən 1736-cı ilə qədər bu günki Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi dövlət. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan etmiş dövlətdir.


Səfəvilər sülaləsinin kökü əsasən Azərbaycan türklərindən ibarətdir. Dövlətin əsasını Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin nəvəsi, Səfəvi təriqətinin başçısı I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini azərbaycanlılar təşkil etmişdir.

Sonrakı bir il ərzində İran ərazisini də fəth etmiş İsmayıl, 1502-ci ilin may ayında özünü İran şahı elan etmiş və 250 il ərzində bütün Yaxın Şərqdə böyük təsirə malik olmuş Səfəvilər İmperiyasının ilk şahı olmuşdur. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.
Səfəvi sülaləsi

Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi. Sünnilərin şiələri təqib etdiyi üçün təqiyyə etdi və sünni kimi tanındı. Şeyx Əli dövründə təqiyyə aradan götürüldü. Daha sonra Şeyx Cüneyd dövründə Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başladılar. Şeyx Cüneyd 1459-cu ildə Şirvana hücum etdi və Samur çayı sahilində məğlubiyyətə uğradı, özü isə şəhid oldu. Daha sonra hakimiyyətə keçən Şeyx Heydər bu mubarizəni davam etdirdi. Şeyx Heydər dövründə onun müridləri Qızılbaş adlanmağa başladı. Buna səbəb onların şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi. Şeyx Heydər 1483, 1487 və 1488-ci illərdə Şirvana hücumlar etdi. Sonunca səfərdə Şeyx Heydər şəhid edildi və Qızılbaşlar Ərdəbilə döndülər. Bu mübarizə daha sonra Şeyx Əli və nəhayət Şeyx İsmayıl tərəfindən davam etdirildi.
Ərdəbil şeyxliyindən Azərbaycan şahlığına

Səfəvilərin I Şah İsmayıl dövründəki bayrağı

Səfəvilərin II Şah Səfi dövründəki bayrağı

Səfəvilərin I Şah Təhmasib dövründəki bayrağı

1499-cu ildə Şeyx İsmayıl öz tərəfdarlarını toplamaq üçün hərəkətə başladı. 1499-cu ildə Ərçivanda, daha sonra isə Çuxursəəddə məskən salaraq öz tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraq və Suriyada olan tərəfdarları da ona qoşulduqdan sonra 1500-cü ildə 7 minlik orduyla Şirvana daxil oldu. Həmin il Cabanı adlı yerdə Şirvanlıları məğlub etdi və Şirvanşah öldürüldü. 1500-cü ildə Bakını tabe etdi və Gülüstan qalasını mühasirəyə aldı, ancaq Azərbaycan sultanı Əlvəndin yaxınlaşmasını eşidib mühasirəni dayandırdı və Sultan Əlvəndə qarşı hərəkətə başladı. 1501-ci ildə Şərur yaxınlığında Sultanın 30 minlik ordusunu dağıtdı. Sultan Diyarbəkirə qaçdı. Şeyx İsmayıl və tərəfdarları Təbizə daxil oldular. 1501-ci ildə İsmayıl Azərbaycan şahı elan edildi və beləliklə Azərbaycanda hakimiyyət Səfəvi sülaləsinə keçdi.

1499-cu ildə Ərdəbil şeyxlərinin məsləhəti ilə İsmayıl Lahicanı tərk etdi və Ərdəbilə üz tutdu. Burada o qızılbaş müridlərini öz ətrafına topladı. Deyləmdən, Taromdan keçərək Xalxala gəldi. Yolboyu İsmayıla Azərbaycanın digər ərazilərindən, Anadoludan çoxlu sayda tərəfdaşı qoşuldu. Qışı Ərcivanda keçirdi. 1500-cü ildə Cabanı döyüşündə Fərrux Yasarı, 1501-ci ildə Şərur döyüşü Əlvənd Mirzəni məğlubiyyətə uğratdı.

1501-ci ildə Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Təbrizə daxil olmanın ilk günlərindən, yəni 1501-ci ilin payızında islamın şiə təriqəti, dəqiq deyilərsə, imamilər (on iki imamın - ər "isna əşəri") təriqəti dövlət dini elan edildi. 1503-cü il iyunun 21-də baş verən Almaqulağı döyüşü Murad Mirzənin məğlubiyyəti və Səfəvilərin tam qələbəsi ilə nəticələndi.
İran, İraq və Şərqi Anadolunun tabe edilməsi

1503-cü ildə I Şah İsmayıl müridi Qənbər ağanı Ağqoyunlu hökmdarı Muradın yanına göndərdi və ona tabe olmağı təklif etdi. Rədd cavabı alan şah 1503-cü ildə 13 minlik orduyla Həmədana doğru irəlilədi. Alamaqulağı deyilən yerdə qızılbaşlar ağqoyunlularla qarşılaşdı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu və qaçdı. Bundan sonra qızılbaşlar həmin ildə Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Osmanlı-Səfəvi müharibələrinin yenidən başlanması
Əsas məqaləs: Səfəvi-Osmanlı müharibələri və Vəkalət uğrunda müharibə


Osmanlı İmperiyasının Azərbaycanı işğal etmək planı II Mehmed və II Bəyazid dövründə baş tutmadı. Azərbaycan sultanları Uzun Həsən və Yaqub onları dayandırıdı və sülhə məcbur etdi. Ancaq osmanlılar niyyətlərindən əl çəkmədilər. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi. Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları (şiələri) kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmriylə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Lakin Şah İsmail Osmanlılara qarşı bir başa əməliyyata kecmədi və ordular uzun müddət qarşılaşmadi.Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı.Döyüşun taleyini Osmanlı yeniçəriləri həll etdi və onlarin qətiyyəti sayəsində Osmanlılar zəfər qazandı. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan Portuqaliya İran körfəzinə hücum etdi və Səfəfvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi. Amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq şəhid edildi. Həmçinin portuqaliyalıları körfəzdən çıxarmaq mümkün olmadı.
Gürcüstanın tabe edilməsi

Gürcüstan XVI əsrdə bir neçə çarlığa parçalanmışdı. Çarlıqlar arasında müharibə gedirdi. Bu müharibədə Mesxiya çarı Səfəvilərə müraciət etdi və taxtının qaytarılacağı təqdirdə Səfəvilərə itaət edəcəyini bildirdi. Buna görə Şah I İsmayıl Əli xan Rumlunu (Div sultanı) orduya əmir təyin edərək Gürcüstana göndərdi. Əli xan bütün Gürcüstanı tabe etdi və Şahın yanına döndü. Ancaq İmeretiya çarı Mənuçöhr Osmanlıya müraciət etdi və osmanli əsgəriylə birlikdə Mesxiya çarı Davidi ölkədən qovdu. Bu səbəbdən Əli xan yenidən Gürcüstana daxil oldu və gürcü və osmanlı əsgərlərini Dəbil yaxınlığında məğlub etdi. Bundan sonra bütün gürcü çarları Şah I İsmayılın yanına gələrək tabeçilik göstərdilər.
Osmanlı-Səfəvi müharibəsinin II dövrü

1524-cü ildə Şah I İsmayıl vəfat etdi və oğlu Təhmasib şah oldu. Şah I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusuyla şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı aldı. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləriylə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq sultan onun təklifini qəbul etmədi. Qışın yaxınlaşmasıyla sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Bu arada şah sultanın Bağdadı almasına qarşı Van və Qarsı mühasirəyə aldı. Sultan Üləma paşanı Vana göndərdi, lakin Üləma məğlub olub qaçdı və beləliklə Van və Qars ələ keçirildi. Buna cavab olaraq sultan 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi aldı. Şah yenə də danışıq üçün cəhd etdi, lakin bu cəhd nəticəsiz qaldı. Daha sonra sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyiylə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyliyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin Əlqas 1541-ci ildə qardaşina xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları özünə tabe etdi. Əlqas isə Krıma, oradan da İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi.

1546-cı ildə Budaq xan Qacar şahdan əmr alaraq tabeliyindəki əsgərlərlə Baburilərin hakimiyyətində olan Qəndəharı Azərbaycan sərhədlərinə qatdı. 1548-ci ildə Sulat I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi aldı, lakin sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi.

1550-ci ildə Şah I Təhmasib sultana elçi göndərərək sülh təklif etdi, amma sultan yenə də bu təklifi qəbul etmədi. Belə olduqda şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınliğında İsgəndər paşanı məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycana hücum etdi, ancaq bu dəfə də uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, Qızılbaşların ardıcıl qələbələri sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı Azərbaycan sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi. Bundan sonra şah şərqə döndü. Belə ki, əfqan əmiri Şirxan Baburi hökmdarı Humayun şahı məğlub edərək Hindistanı ələ keçirmiş və Humayun şah Azərbaycana sığınmışdı. Humayun şahın kömək üçün müraciətinə cavab olaraq şah 12 minlik ordunu Budaq xan rəhbərliyində ona verdi. Qızılbaşlar əfqanları ölkədən qovub çıxardılar və Humayun şah yenidən hakimiyyəti ələ keçirdi.
Osmanlıların və özbəklərin Azərbaycana qarşı birgə hücumu

Şah I Təhmasib 1576-cı ildə öldü və oğlu İsmayıl şah oldu. Şah II İsmayıl dövrü sakitlik içində keçdi. Ancaq onun hakimiyyəti uzun sürmədi və 1578-ci ildə sui-qəsd nəticəsində öıdürüldü. Hakimiyyətə isə böyük qardaşı Məhəmməd keçdi. Bu arada Osmanlılar 1555-ci il sülh müqaviləsini pozaraq Azərbaycan sərhəddini keçdilər. 1578-ci ildə Qızılbaşlar İmamqulu xan Qacar rəhbərliyində Çıldır düzündə Osmanlıları qarşıladılar. Ancaq Qızılbaşlar məğlub olaraq Qarabağa çəkildilər.

Osmanlı ordusunun rəhbəri Lələ paşa 1578-ci ildə Tiflisi ələ keçiridi və Alazan çayını keçdi. Ancaq o burada Qızıbaşlarla qarşılaşdı. Çayın sahilində baş verən döyüşdə Osmanlılar məğlub oldular, amma Qızılbaşlar Şirvanı tərk etdilər və Qarabağa çəkildilər. Bunu fürsət bilən Lələ paşa Şirvanı ələ keçirdi. 1579-cu ildə Krım tatarları Şirvana soxuldular, lakin Mollahəsənli adlı yerdə məğlub olaraq qaçdılar. 1583-cü ildə Qızılbaşlar Məşəl savaşında məğlub oldular və Şirvan tamamilə Osmanlılara keçdi, həmin il Fərhad paşa tabeliyindəki əsgərlərə Çuxursəədi ələ keçirdi.

Osmanlıların artan hücumu qarşısında Şah IV Məhəmməd Qəzvinə çəkildi. 1585-ci ildə Təbriz işğal olundu. Bu vaxt özbəklər Xorasana daxil oldular və Xorasanı özlərinə tabe etdilər. 1587-ci ildə şah öldü və oğlu Abbas taxta çıxdı. Şah I Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. Şah Xorasanın özbəklədə qalmasına razılıq verdi və səfərə çıxmadı.
I Şah Abbasın islahatları

Şah I Abbas sülh bağladıqdan sonra islahatlara başladı. İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri türk əsasən farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Beləki orduda Qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.
Səfəvi sülaləsinin mənşəyi haqqında

Şeyx Səfiəddin Ərdəbilinın etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın "Səfvət əs – səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı Musa Kazimın 21-ci nəslindən hesab edirdilər. Lakin Əhməd Kəsrəvi "Səfvət əs – səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[2] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikiri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır.[3]

Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər"[4] İ.P.Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili olmuşdur”[5][6] Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur[7] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.

Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.
Rəsmi dil


Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar. Fars dili də Səfəvilər dövründə ədəbi və idari dil kimi işlədilmişdir.
Mədəniyyət


Səfəvilər dövlətinin əsas mülkyyət forması divani (dövlət) və xassə (hökmdar) torpaqları idi. Sonralar Səfəvilərin yürütdüyü mərkəzləşdirmə siyasəti ilə əlaqədar divani torpaqlar hesabına şərti torpaq mülkiyyət forması tiyul geniş yayıldı. Mülk və vəqf torpaqları toxunulmaz hesab edilirdi. Kəndli və sənətkarların vəziyyəti çox ağır idi. Onlar müxtəlif mükəlləfiyyət daşıyır, çoxlu (30-dan çox) vergi ödəyirdilər. I Şah İsmayılın dövründə nisbətən azaldılan vergilər sonralar tədricən yenə də artmağa başladı. Əhalinin ağır vəziyyəti I Təhmasibi malcəhət, tamğa kimi bəzi vergiləri ləğv etməyə məcbur etdi. Lakin bu islahatlar Səfəvilər dövlətini bürüməkdə olan böhranın qarşısını ala bilmədi. Feodal istismarının güclənməsi, vergilərin ağırlığı sinfi zidiyyətlərin kəskinləşməsinə, üsyanlara səbəb oldu (məsələn, Təbriz üsyanı).

Səfəvilər dövlətinin iqtisadi və mədəni həyatında Azərbaycan şəhərləri, xüsusilə müstəsna rol oynayırdı. Təbriz Asiya və Avropanın bir çox şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Şamaxı və Ərəşdə istehsal olunan ipək parçalar Avropa ölkələrinə ixrac edilirdi.

Səfəvilər dövlətinin başında dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirən şah dururdu. Səfəvilərin bütün ölkə ərazisində və ələ keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan etmişdilər.Ali komandan əmir əl-üməra, qorçi dəstələrinin başçısı isə qorçibaşı adlanırdı. Dövlət aparatında vəzir, dini idarələrə və vəqf məsələlərinə sədr, maliyyə işlərinə mustuofi əl-məmalik nəzarət edirdi. Səfəvilər dövləti bəylərbəyilərin idarə etdiyi ayrı-ayrı bəylərbəyliklərinə bölünmüşdü. Qızılbaş əmirlərindən seçilən bəylərbəyilər şahın tələbi ilə öz dəstələri ilə hərbi səfərlərdə iştirak etməli idilər. Səfəvilər dövlətinin daimi ordusu yox idi. Ordu müharibə ərəfəsində bəylərbəyilər hesabına saxlanan süvari dəstələrindən təşkil olunurdu. Müharibələrdə ən çox 120–150 min döyüşçü iştirak edirdi. Şahı xidmətində 4–6 min nəfərlik daimi qorçi dəstəsi vardı. Səfəvi ordusu odlu silahla pis təchiz olunmuşdu.

Qızılbaş tayfalarının qüdrətli siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və şimal torpaqlarının nisbətən mərkəzləşmiş vahid dövlət şəklində birləşməsi, məhsuldar qüvvələri yüksəlişi, şəhərlərin sənətkarlıq və ticarət mərkəzlərinə çevrilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına şərait yaradırdı. Azərbaycan dilinin istifadə dairəsi genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi, Tufeyli, Qasimi və başqa Azərbaycan sairləri, həmçinin ozan-aşıqları yaşayıb-yaradırdılar. “Xətayi” təxəllüsü ilə yazan I Şah İsmayıl Azərbaycan ədəviyyatının görkəmli nümayəndəsidir. Səfəvilərin saray kitabxanası bir növ “incəsənət akademiyasına” çevrilmişdi. Burada mahir xəttatlar, rəssamlar, cildçilər, nəqqaşlar, və başqaları işləyir, Sultan Məhəmməd və Behzad kimi görkəmli miniatür ustaları fəaliyyət göstərirdi.
 

 
 
Tarixdən elelktron sual-cavab
Rəqəmlərin Roma rəqəmlərinə
çevrilməsi
 
Rəqəmi daxil et:
Roma reqemi :
Faydali linkler
 
Erməni terror təşkilatları

Azerbaycan Xalq Cumhurriyeti

Tarix portali

Tqdk

Milli təhsil portali

Təhsil nazirliyi

Elektron tehsil müsabiqəsi

Tarix portali
Elektron tarix testləri
 
 
Bugün 4 ziyaretçi (6 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol